Yekaterinburqda saxlanılan Azərbaycan əsilli şəxslərə ittiham irəli sürülüb
Rusiya İstintaq Komitəsi bildirir ki, 2001, 2010 və 2011-ci illərdə Sverdlovsk vilayətində törədilmiş qətl və qətlə cəhd faktları üzrə cinayət işinin istintaqı davam edir. İş üzrə təqsirləndirilən şəxslər arasında Mazahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gəncəyev, Şahin Lalayev və Bəkir Səfərov var. Onlardan beşinə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla qətl törətmə, muzdla adam öldürmə və muzdla adam öldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb.
Rusiya vətəndaşı olan bu şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.
Qurumun iddiasına əsasən, təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkar qrupun üzvləri olublar, onların 2001-ci ildə bıçaqlanaraq öldürülən Y.Paşayevin, 2010-cu ildə muzdla qətlinə cəhd edilən F.Şirinovun və 2011-ci ildə qətlə yetirilən Azərbaycan vətəndaşı İ.Hacıyevin ölümü ilə bağlılıqları var. İstintaq habelə bildirir ki, cinayətlərin əsas motivi biznes sahəsində nüfuz dairələrinin bölüşdürülməsi və şəxsi qisas olub.
Habelə iddiaya görə, təqsirləndirilən şəxslərdən biri istintaqa ifadə verərək hadisələrin detallarını açıqlayıb və cinayət ortaqlarını ifşa edib.
Adları çəkilən şəxslərin, onların vəkillərinin bu deyilənlərə münasibəti bəlli deyil.
Kreml: Moskva Azərbaycanda saxlanan rusiyalıları hər vasitə ilə müdafiə edəcək
Kreml Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərinə diqqət yetirib, Moskva onların qanuni maraqlarını mövcud bütün vasitələrlə müdafiə edəcək. "İnterfaks" agentliyi xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 2-də gündəlik keçirilən mətbuat brifinqində deyib.
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəmə zalından olan fotoları (bu şəxslərin üzündə zorakılıq əlamətləri görünür) ilə bağlı sualı cavablandıran Peskov deyib: "Bəli, biz, doğrudan da, bütün kadrları diqqətlə izlədik. Bütün detallara diqqət yetirdik. Vətəndaşlarımızın qanuni maraqlarını diplomatik kanallar vasitəsilə qoruyacağıq və bunun üçün bütün mövcud imkanlardan istifadə edəcəyik".
O vurğulayıb ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan baş prokuroru Kamran Əliyevlə daimi təmasdadır, onlar Yekaterinburq və Bakıdakı hadisələrin araşdırılması ilə bağlı problemli məsələləri nəzərdən keçirirlər.
BMT Bakı-Moskva gərginliyinin diplomatik həllinə inanır, Aİ isə Rusiyanı qınayır
BMT Bakı və Moskva arasında gərginliyin diplomatik kanallar vasitəsilə həll olunacağına ümid edir. Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.
"Biz Azərbaycan və Rusiya Federasiyası arasında artan gərginliyin, hər iki ölkədə baş verən hadisələrin tam fərqindəyik. Ümid edirik ki, bütün bu məsələlər diplomatik kanallar vasitəsilə, hüququn aliliyi çərçivəsində həll olunacaq və jurnalistlərin sərbəst fəaliyyət göstərmək azadlığı da təmin ediləcək", - o deyib.
Avropa İttifaqı (Aİ) da məsələyə münasibət bildirib. İyulun 1-də Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Anitta Hipper mətbuat konfransında deyib: "Biz Rusiyada etnik azərbaycanlılara qarşı Rusiya təhlükəsizlik qüvvələri tərəfindən törədilən əməllərlə bağlı xəbərləri görmüşük. Dözülməz olan bu vəhşi hərəkətlərə qarşıyıq".
Zelenski Əliyevə zəng vurub
İyulun 1-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, V.Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda iki şəxsin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.
İkitərəfli münasibətlər müzakirə olunub, hökumətlərarası komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib. Məlumatda deyilir ki, Ukrayna prezidenti Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.
+++
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna rəhbərliyini Moskva ilə Bakı arasındakı münasibətlərdə gərginliyi artırmaq cəhdlərində ittiham edib. Bu sözləri o, Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Volodimir Zelenski arasında iyulun 1-də baş tutan telefon danışığını şərh edərkən deyib.
"Ukrayna odun üstünə yağ tökəcək ki, vəziyyəti daha da qızışdırsın, Azərbaycan tərəfini emosional addımlar atmağa təhrik etsin", - Peskov bildirib.