Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 14:54

Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəisinin işi məhkəməyə göndərilib


Ağ Şəhər bulvarı
Ağ Şəhər bulvarı

Dənizkənarı Bulvar İdarəsinin keçmiş vəzifəli şəxsləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə bu gün, iyulun 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İlqar Mustafayevin Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə... qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkili, gəmi gəzintiləri... kimi fəaliyyət sahələrindən əldə olunmuş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələrin müəyyən edildiyi bildirilir.

İ.Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddə ilə ittiham verilib.

F.Babayev ilə R.Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İ.Mustafayev barəsində məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Habelə bildirilir ki, iş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

İbtidai istintaq tamamlanmaqla cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik, ittihamlara sözügedən şəxslər və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2016-cı ilin noyabrında prezidentin fərmanı ilə Azərbaycan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxs yaradılıb.

İ.Mustafayev 2015-ci il mayın 15-də prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib. O, 2016-cı ildə yenidən formalaşdırılan Dənizkənarı Bulvar İdarəsinin rəisi də olub.

Yerli saytların məlumatına görə, İ.Mustafayev daha əvvəl Heydər Əliyev Fondunun əməkdaşı olub. O, 2014-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Sabiq sədr ötən ilin yanvarında vəzifəsindən azad olunub. Sentyabrda isə həbs edilib.

XS
SM
MD
LG