Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 18:06

Bakı-Moskva gərginliyi: 'Konfliktin eskalasiyası çox sərfəlidir'


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Bu həftə ölkə gündəmini Rusiyada ötən həftəsonu azərbaycanlılara qarşı zorakı reyd və rəsmi Bakının buna qəzəbli reaksiyası məşğul etdi. Yekaterinburqda iki azərbaycanlının ölümü, bir neçə nəfərin xəsarət alması, altı nəfərlə bağlı həbs qərarı verilməsi fonunda Bakı da bəzi addımlar atdı. Rusiyanın Azərbaycandakı səfirinə "kəskin etiraz" bildirildi, mütəşəkkil dəstə üzvləri olduqları bildirilən bir qrup rusiyalı saxlanıldı. Hələ fevralda akkreditasiyası kəsilən "Sputnik-Azərbaycan"ın ofisində reyd keçirilib, bir neçə nəfər saxlanılıb. Hökumətyönlü media onların FSB əməkdaşları olduğunu iddia edib.

'Səfərovlar böhranı' böyüyür: 'Azərbaycan Rusiyanın təsirindən çıxır'
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Hakimiyyət mediasında Moskvanın ünvanına "Rusiya imperiyası", "rus şovinizmi" kimi sərt ifadələr işləndi, baş verənlərin hansısa cinayətlə bağlı olmadığı, Azərbaycana təzyiq üçün edildiyi bildirildi. AzTV dövlət televiziyası Azərbaycana qarşı kampaniyanın başında prezident Vladimir Putinin durduğunu iddia etdi.

Həm hökumət, həm də müstəqil təhlilçilər, əsasən, bir versiya üzərində dayandılar: Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsindən narazıdır, onu cilovlamağa çalışır, Bakı isə qarşılıqlı münasibətlərin suverenlik, bərabərlik üzərində qurulmasını istəyir.

Amma fərqli düşünənlər də var. Məsələn, siyasi təhlilçi Ərəstun Oruclu Facebook səhifəsində yazır ki, "kriminal razborka siyasi təhlil predmeti deyil". Onun fikrincə, baş verənlər cinayət hadisəsinin siyasiləşdirilməsi kimi dəyərləndirilə bilər. Amma cinayət əməlinin siyasi məqsədlə törədildiyini də istisna etmir.

'Rusiya Azərbaycanı cilovlamağa cəhd edir' - Bakı-Moskva gərginliyi pik həddə
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Təyyarə qəzasından bəri ara düzəlmir

Yarım ildir Azərbaycan-Rusiya münasibətlərində sərinlik yaranıb. Rusiya ötən ilin sonunda Qroznı səmasında AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyəti götürməyib. Bu ilin martından xüsusilə Moskvadan bəzi jestlərə baxmayaraq, prezident İlham Əliyev mayın 9-da Rusiyada Qələbə paradına getmədi.

Bir neçə ay öncə Rusiya mediasında Azərbaycan prezidentinə bağlı biznes və obyektlərin təftiş olunması barədə yazıldı. Məsələn, "Sadovod" bazarı ətrafında 200 qeyri-qanuni ayaqqabı sexi aşkarlandığı, bu bazarın sahiblərinin Əliyevin dostları olduğu deyilirdi. Bu təftişlər də ikitərəfli əlaqələrin soyuması kontekstində də dəyərləndirilə bilərdi.

Mayın sonunda Rusiya vətəndaşı, Yekaterinburqda yaşadığı bildirilən talış tədqiqatçı Zahirəddin İbrahimovun DTX tərəfindən ələ keçirilərək Bakıya gətirilməsi barədə məlumatlar yayıldı. Bakıda ona vətənə xəyanət və digər ittihamlar irəli sürülüb. Rusiyanın bəzi Teleqram kanallarında Yekaterinburqda Səfərov qardaşlarının ölümü ilə nəticələnmiş əməliyyatın Z.İbrahimovun kriminal dəstələr vasitəsilə oğurlanmasına cavab olması iddia edilir. XİN-in sözçüsü Mariya Zaxarova isə bugünlərdə deyib ki, Z.İbrahimov "qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib" və o, Bakının sorğusu əsasında Azərbaycana verilib.

'Həmişə istifadə olunan silah' - Azərbaycanla Rusiya arasında hansı gərginliklər olub?
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

"Qardaşlığın" mahiyyəti dəyişməyəcək

Almaniyanın Bremen Universitetinin tədqiqatçısı Nikolay Mitroxin düşünür ki, Azərbaycan və Rusiya prezidentləri üçün öz ərazilərində digər ölkə vətəndaşlarının sıxışdırılması hesabına konfliktin eskalasiyası çox sərfəlidir, şərti reytinqi də yüksəldir, diqqəti daxili problemlərdən yayındırır. "Ən böyük ehtimal odur ki, tərəflər bir-birinə qarşı qəddar videolar paylaşacaqlar, hətta girovlar ola bilər, amma sonradan bir müddət gərginlik səngiyəcək", - o, sosial media postunda qeyd edib.

İndiliksə, iki ölkə arasında təmaslar xarici işlər nazirlikləri səviyyəsində olub, ictimaiyyətə təqdim olunan informasiya budur.

Vadim Dubnov
Vadim Dubnov

Azad Avropa/Azadlıq Radiolarının Cənubi Qafqaz üzrə eksperti Vadim Dubnov deyir ki, Azərbaycan Moskvadan uzaqlaşmaq istədiyinin mesajını verir. Amma onun fikrincə, Moskva və Bakı arasında "qardaşlığın" mahiyyəti dəyişməyəcək. Çünki xeyli incə birgə təşəbbüslər, qaz layihələri var, bəziləri də sanksiyalarla bağlıdır və onlar davam edəcək.

"Bakı üçün barışıq prosesini nəzarətdə saxladığını göstərmək çox vacibdir. Barışığın zamanlanması da bundan asılıdır", - o vurğulayıb.

Görünən odur ki, əksər təhlilçilər hadisələrin nədən qaynaqlandığını birmənalı deməyə çətinlik çəkirlər. Səslənən versiyalar içində Azərbaycanla Ermənistanın Türkiyənin vasitəçiliyi ilə sülh sazişini imzalamağa razılaşması, Azərbaycanın Naxçıvan eksklavına Ermənistan ərazisindən yol açmaq planının reallaşma ehtimalı və Rusiya prezidenti Vladimir Putinin bunları önləməyə çalışması da yer alır.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov iyulun 2-də keçirdiyi brifinqdə "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin həm Rusiya, həm də Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.

Bugünlərdə Karneqi Rusiya Avrasiya Mərkəzi yazıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Azərbaycan və Ermənistan arasında yolun açılması ilə bağlı Yerevan və Bakıya təklif təqdim edib: "...Vaşinqtonun təklifi Amerika məntiqinə əsaslanır: bu məntiqə görə, razılaşmanın təminatçısı Amerika biznesi olmalıdır – bu, məsələn, Ukraynada nadir metallarla bağlı sazişdə artıq tətbiq olunub".

XS
SM
MD
LG