Azərbaycan xəbərləri
Teymur Kərimovun həbs müddəti 1 il azaldıldı

"Kanal11" internet televiziyasının rəhbəri Teymur Kərimovun həbs müddəti azaldılıb. Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi onun vəkilinin verdiyi vəsatəti qismən təmin edib və Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.
T.Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası kəsilib. Üstəlik, əlavə cəza kimi ona 2 il də jurnalist fəaliyyəti ilə məşğul olmaq yasaqlanıb. T.Kərimovla birlikdə mühakimə edilən reportyor İstək Totiyevaya isə şərti cəza verilib.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsi ilə - saytdan materialın silinməsi üçün Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib sonda min manat almaqda təqsirli biliniblər. T.Kərimov bunu yalan sayır, F.Ələkbərovdan pul tələb edib almadığını deyir. O, etiraz aksiyalarını, vətəndaş hüquqlarının pozulması hallarını, özəlliklə polislərin Qarabağ müharibəsi veteranlarını döyməsini çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayır. Jurnalist işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini də məhkəmədə dilə gətirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.
Bütün xəbərləri izləyin
Azərbaycan və İran prezidentləri görüşüblər

İyulun 4-də Xankəndidə Azərbaycan prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub. Bu barədə AZƏRTAC xəbər yayıb.
İlham Əliyev bildirib ki, “İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlər” Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qınanılıb.
Dövlət başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğulayıb.
Xəbərdə habelə qeyd edilir ki, İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir və İran Prezidenti də bu tədbirə gəlib.
Bundan əvvəl, iyunun 27-də İranın Ermənistandakı səfiri Mehdi Sobhani demişdi ki, Tehran kəşfiyyat məlumatları əsasında Bakıya müraciət edib, İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatların araşdırılmasını istəyib.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə İranın Ermənistandakı səfirinin bu açıqlamalarını "açıq təxribat" adlandırmışdı.
Azərbaycanın İran və İsraillə münasibətləri
İsraillə 1990-cı illərdə ilk əlaqələrini quran Azərbaycan ondan ötrü vacib neft mənbəyinə çevrilib, idxalının yarıdan çoxunu təmin edir. İsrail isə Azərbaycan üçün vacib silah təchizatçısıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesablamasına görə, 2016-2021-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini təşkil edib
Azərbaycanın İranla isə 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak oldu, ikisi xəsarət aldı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Xatırlatma
İyunun 13-də İsrail İrana hava zərbələri endirib. Rəsmi Təl-Əviv məqsədlərinin İranın nüvə obyektlərini sıradan çıxarmaq olduğunu bildirib. İran da qarşı tərəfə cavablar verib. Hər iki tərəfdən itkilər olub.
İyunun 21-də isə İranın üç nüvə obyektinə ABŞ zərbələr endirib. Prezident Donald Tramp zərbələri uğurlu sayıb. İran da buna cavab olaraq ABŞ-nin bölgədəki bəzi obyektlərini vurduğunu açıqlayıb. Amma bundan əvvəl rəsmi Vaşinqtona xəbərdar edilib.
İyunun 24-də ABŞ-nin vastəçiliyi ilə İsrail və İran arasında atəşkəs əldə edilib
ABŞ, İsrail və bir çox Qərb ölkələri hesab edirlər ki, İranın uranı zənginləşdirmək layihəsi dinc məqsədlərə xidmət etmir.
Azərbaycan və İran prezidentləri bundan 8 gün öncə, iyunun 26-da telefonla danışmışdılar.
Tənqid olunun qanuna dəyişiklik edilir

Azərbaycan parlamenti yerli və beynəlxalq tənqidlərlə üzləşən "Media haqqında" Qanununa dəyişiklik edir.
Bu gün, iyulun 4-də Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanuna əlavələrdə media subyektinin təsis edilməsinə, xarici media subyektlərinin qeydiyyatdan keçməsinə və ümumilikdə media subyektlərinin fəaliyyətlərinə dair tələblər genişlənir.
Layihəyə təklif edilən yeni bir maddəyə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata, əxlaqa zidd, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.
Digər tərəfdən, Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur. Reyestrdə olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.
Paralel olaraq, informasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir. Artıq informasiya agentliyinin azı 20 media ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı, azı beş xarici ölkədə jurnalisti akkreditasiyadan keçməlidir.
Bununla bərabər, Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib.
Həmçinin, yeni layihədə qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilib.
Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır.
Xatırlatma
Azərbaycanda "Media haqqında" Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu 2022-ci ilin əvvəlində imzalayıb.
Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.
İran və Türkiyə prezidentləri Azərbaycandadır

İran prezidenti Məsud Pezeşkian və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak etmək üçün iyulun 4-də Azərbaycana gəliblər.
+++
İyulun 4-ü İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti Azərbaycanda Xankəndi şəhərində keçiriləcək.
İyulun 2-dən artıq bir sıra xarici ölkələrdən rəsmilər bu sammitə qatılmaq üçün Azərbaycana gəliblər.
İyulun 2-də Azərbaycan baş naziri Əli Əsədov Əfqanıstandakı Taliban hökumətinin baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
2021-ci ildə Taliban hakimiyyətdən kənarlaşdırıldıqdan 20 il sonra Əfqanıstanda prezident Əşrəf Qani hökumətini devirərək yenidən hakimiyyəti ələ keçirib. Talibançılar Əfqanıstanda şəriət qanunu tətbiq edib, ictimai edamları bərpa edib. Xüsusilə qadınlara qarşı insan hüquqlarının geniş şəkildə pozulması barədə məlumatlar var.
Taliban hökuməti beynəlxalq aləmdə tanınmır, lakin de-fakto dünyanın əksər ölkələri bu və ya digər dərəcədə onunla iş aparır.
Bundan əvvəl onu ABŞ başda olmaqlar bəzi ölkələr terror təşkilatı sayıblar. Bugünlərdə Rusiya "Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev də iyulun 2-dən Azərbaycandadır və ölkə başçısı da daxil bir sıra rəsmi görüşlər keçirib.
Sammitin işinə təşkilata daxil bir çox ölkələrin liderlərinin, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da qatılacağı gözlənir.
Zirvə görüşündə ticarət əlaqələrinin gücləndirilməsi – regionda sərbəst ticarətin inkişafı üçün yeni mexanizmlər, rəqəmsal gömrük sistemləri və başqa məsələlər müzakirə olunmalıdır.
İqtisadi Əməkdaşlıq Təşkilatını (İƏT) Türkiyə, Pakistan və İran 1964-cü ildə yaradıb və 1985-ci ildə bu adı alıb. Quruma Azərbaycan, Əfqanıstan, Özbəkistan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistan daxildir.
İmişlidə qəzadan sonra etirazlara görə tutulan şəxslərə hökm oxunub
Bu il yanvarın 18-də İmişli rayonunda məktəblilərin öldüyü yol qəzası ilə bağlı baş verən etirazlardan sonra həbs olunanlara hökm oxunub.
Yerli saytların məlumatına görə, İmişli rayon Məhkəməsində 19 şəxsə xuliqanlıq ittihamı ilə müxtəlif cəzalar kəsilib.
İş üzrə təqsirli bilinən səkkiz şəxsə 1 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası verildiyi bildirilib. Habelə 11 şəxsə də 1 ildən 4 ilə qədər azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi açıqlanıb.
Verilən məlumata görə, onlardan 1 il həbs alan Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.
Açıqlanan hökmlərə maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.
Xatırlatma
Bu il yanvarın 18-də İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobili başqa bir nəqliyyat vasitəsi ilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanmışdı. Sonradan xəstəxanada yaralılardan birinin də vəfat etdiyi açıqlanıb. Bundan sonra rayonda etiraz aksiyası keçirilmişdi. Daxili İşlər Nazirliyindən (DİN) bildirilmişdi ki, İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs saxlanıb.
Qəza zamanı DYP avtomobilinin toqquşduğu nəqliyyat vasitəsinin 17 yaşlı sürücüsünün də saxlandığı açıqlanıb. Onun qohumuna məxsus "Mercedes Benz 190" markalı avtomobili qaçırdığı bildirilir.
DYP əməkdaşının məsuliyyətə cəlb edilib-edilmədiyi haqqında isə hər hansı rəsmi məlumat verilməyib.
Bu il Səfərbərlik Xidmətində 62 nəfərin işi Baş Prokurorluğa göndərilib

Bu ilin ilk yarısında Səfərbərlik Xidmətində 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Bu məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) iyulun 3-də yaydığı korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik açıqlamasında yer alır.
Bildirilir ki, aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb: "O cümlədən cari ildə doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib".
Xatırlatma
Əslində 2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib. Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" iki il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı.
Bəzi ekspertlərə görə isə, ayrı-ayrı sahələrdə korrupsiya ilə bağlı ciddi dəyişiklik üçün mübarizə bütün ölkədə və sistematik aparılmalıdır.
Vəzifəli şəxslər hakim önünə çıxarılacaq

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun məlumatına görə, nazirliyinin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov və bu qurum yanında Aqrar Xidmətlər Mərkəzinin Dövlət nəzarəti şöbəsinin müdir müavini Rəşad Yolçiyev istintaqa cəlb edilib. Onların 2022-ci ilin sentyabrından 2025-ci ilin martınadək "qanunsuz olaraq mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yeni qeydiyyat şəhadətnamələrinin verilməsi əvəzində vətəndaşlardan ümumilikdə 77 min manat pul vəsaitini təkrarən rüşvət qismində almalarına" şübhələr yarandığı bildirilir.
A.Həsənov və R.Yolçiyevə Cinayət Məcəlləsinin 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfində təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Onların barələrində məhkəmənin qərarı ilə ev dustaqlığı və əlavə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib.
Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hələlik, ittihamlara sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Həmin ittihamlar üzrə 12 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Aynur Elgünəş 'Qadın Jurnalistlərə Ədalət Mükafatı'na layiq görülüb

Meydan TV-nin baş redaktoru Aynur Elgünəş beynəlxalq mükafata layiq görülüb.
Hazırda Azərbaycanda həbsdə olan Aynur Elgünəş “2025 Wallis Annenberg Qadın Jurnalistlərə "dalət” mükafatının qalibi elan edilib. Mükafatın təsisçisi Qadınların Beynəlxalq Media Fondudur (IWMF).
Bu mükafatın məqsədi dünyada həbsdə olan jurnalistlərə diqqət çəkməkdir. “Həbsdə olan qadın jurnalistlərin hekayətini paylaşmaq qadın jurnalistlərin təhlükəsizliyinin təminatı üçün vacibdir”, – qurum vebsaytında bildirir.
“Elgünəşin insan alverindən tutmuş, məcburi köçkünlərin hüquqları, hökumət korrupsiyası daxil bir sıra mövzularda araşdırmaları, media azadlığı uğrunda fəaliyyəti onu geniş miqyasda tanıdıb”, – məlumatda deyilir.
“Aynur Elgünəş və Meydan Tv-nin altı digər jurnalisti ötən il dekabrın 6-da saxlanıb, onlara saxta ittihamlar irəli sürülüb. Əlilliyi olan Elgünəş evində saxlanarkən onunla pis rəftar olunub. Onun həyatına birbaşa təhlükə var, hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanır”, – IWMF vurğulayır.
IWMF bildirir ki, seksual qısnama, təhdidlər, hücumlar hökumətin təzyiqləri, qeyri-bərabər ödəniş, saxta xəbər yaymaq ittihamları dünyada mətbuat azadlığına ciddi təhdid yaradır. Və qadın jurnalistlər bu hücumların acısını daha çox çəkirlər.
UNESCO-nun bir hesabatında rəyi soruşulan qadın jurnalistlərin 73 faizi işlərinə görə onlayn zorakılığa məruz qaldıqlarını deyiblər.
2012-ci ildə IWMF o zaman AzadlıqRadiosunun əməkdaşı olan jurnalist Xədicə İsmayılovanı “Jurnalistikada Cəsarət və Həyat Uğuru Mükafatı”na layiq görmüşdü.
Xatırlatma
MeydanTV-nin əməkdaşları - Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Ramin Deko (Cəbrayılov) ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonradan MeydanTV ilə bağlı cinayət işi üzrə daha dörd nəfər Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir. Onların iddiasına görə, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
'Sputnik-Azərbaycan işi' üzrə saxlananlardan ikisi həbs edilib

İyulun 1-də Bakının Xətai rayon Məhkəməsi "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan şəxslərlə bağlı qərar verib.
Yerli saytların məlumatına görə, məhkəmənin qərarı ilə "Sputnik-Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Həmin şəxslərin və ya vəkillərinin ittihamlara münasibətlərini öyrənmək mümkün olmayıb.
Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasına münasibət bildirib
Kreml rusiyalı jurnalistlərin Azərbaycanda saxlanmasını "son dərəcə emosional reaksiya" adlandırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərin qısa zamanda sərbəst buraxılacağına ümid etdiyini bildirib.
Peskovun sözlərinə görə, KİV nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara ziddir, eyni zamanda "Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə uyğun gəlmir".
"Ümid edirik ki, bu hədsiz emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavab tapılacaq", -"İnterfaks" agentliyi Peskovdan sitat gətirib.
30 iyun
RT jurnalisti saxlanılıb
Bakıda "Ruptly" video agentliyinin jurnalisti Aytəkin Hüseynova saxlanılıb. O, "Sputnik-Azərbaycan" redaksiyasında keçirilən axtarışı çəkirmiş. Bu barədə agentlik jurnalistin anasına istinadən məlumat yayıb. Jurnalistin saxlanılma səbəbləri açıqlanmır.
İyunun 30-u səhər saatlarında "Sputnik-Azərbaycan"ın Bakıdakı redaksiyasında axtarış aparılıb.
DİN 'Sputnik Azərbaycan'la bağlı araşdırmaya başlayıb
Daxili İşlər Nazirliyində (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (Sputnik-Azərbaycan) araşdırmalara başlanıb. Belə ki filialın 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair əməliyyat məlumatı daxil olub. Bu barədə DİN-in Mətbuat Xidməti bildirib.
"İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlananlar var", - məlumatda deyilir.
Hələlik, DİN-in bu məlumatına "Rossiya Seqodnya" və Rusiyanin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Bir müddət əvvəl "Rossiya Seqodnya"nın (Sputnik-Azərbaycan) nümayəndəliyi ləğv edilib. Yerli saytlarda yer alan məlumatlara görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Son illər Qərb ölkələrinin ayrı-ayrı kütləvi informasiya vasitələrinin Azərbaycandakı nümayəndəlikləri ard-arda bağlanıb. Bu, ölkə qanunvericiliyinin tələbləri ilə izah edilib. Amma Rusiyanin media orqanlarına fərqli münasibət bəslənilib. Müstəqil ekspertlər hesab edirdilər ki, bu, ikili standartdır və Azərbaycanın Rusiya ilə "müttəfiqlik" əlaqələrindən irəli gəlir.
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, reyd zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, baş verənlərlə əlaqədar ona "kəskin etiraz" bildirilib. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Rusiya XİN bildirir ki, reyd ağır cinayətlərin istintaqı çərçivəsində aparılıb, vəziyyət nəzarətdədir. Qurumun sözçüsü Mariya Zaxarova deyib ki, söhbət 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdən gedir.
Hacı Vəliyevdən xəbər var

Bu gün, iyunun 30-da vəkil Aqil Layıc istintaq təcridxanasında "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevlə görüşüb.
Vəkil bildirib ki, H.Vəliyev iyunun 23-də müəssisə rəisinin onu qəbul etdiyini, sonra ona nəsə sənədə imza atdırmaq istədiyini deyib. H.Vəliyevin əlavə etməsinə görə, mətn ilə tanış olanda bəlli olub ki, guya daxili intizam qaydalarını pozub və bunu könüllü etiraf edir.
A.Layıc bildirib ki, H.Vəliyev sənədi imzalamaqdan imtina edib: "Dərhal onu "karser"ə salıblar. 23-27 iyun tarixlərində karserdə saxlanılıb. Tural adlı gizir ona fiziki və mənəvi şiddət göstərib. Hacının başında iki dənə sıyrıq izi var. Özü qeyd etdi ki, Tural adlı gizir ona fiziki güc göstərərkən kafelə dəyərək əmələ gəlib. Hacı aclıq aksiyasının nəticəsi olaraq xeyli zəifləmişdi, demək olar ki, yeriyə bilmirdi".
H.Vəliyevin iyunun 21-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi deyilir.
Müdafiə tərəfindən məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət olunduğu bildirilir.
Bütün bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı deyilir
"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir.
Yaxınlarının bununla bağlı iyunun 27-də yaydığı məlumata görə, o, ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bildirildiyinə görə, baş nahiyəsindən xəsarət aldığını qeyd edən Hacı Vəliyev telefonda danışmaqda çətinlik çəkirmiş.
Yaxınları H.Vəliyevin taleyindən narahatdır.
Bu iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
O, bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.
Vəkili Anar Məmmədli haqqında cinayət işinə xitam verilməsini istəyir, amma məhkəmə…

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri, bir ildən çoxdur həbsdə olan Anar Məmmədlinin vəkili onun haqqında cinayət işinə xitam verilməsini istəyir. Vəkil Elçin Sadıqov bu barədə vəsatəti iyunun 30-da A.Məmmədlinin işi üzrə məhkəmənin hazırlıq iclasında təqdim edib.
A.Məmmədlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, ictimai fəal Anar Abdulla ilə birlikdə mühakimə edilir.
Vəkil bildirib ki, cinayət işi əsassızdır, heç bir mötəbər sübut yoxdur və s.
Ancaq Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakimin fikrincə, cinayət işinə xitam verilməsinə əsas yoxdur.
A.Məmmədli və A.Abdullanın işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 7-nə təyin olunub.
Xatırlatma
A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Məmmədlinin işi üzrə istintaqın sonunda A.Abdulla da təqsirləndirilən şəxs kimi cəlb edilib və haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
A.Məmmədli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.
SMDT rəhbəri daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.
A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. SMDT rəhbəri 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı
Daha bir xatırlatma
Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.
Bakıda gəncin yerin çökməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

Bakıda 28 yaşlı şəxsin kanalizasiya sularının axdığı kanala düşərək həlak olması ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.
Qurum iyunun 30-da bildirib ki, dörd gün əvvəl, saat 20:30-da 1997-ci il təvəllüdlü... Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Rəsmi açıqlamada həmin şəxsin meyitinin bir gün sonra tapıldığı vurğulanır: "Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb".
Hələlik, məsələyə Dövlət Su Ehtiyatları Agentliyi və həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Həmin maddədə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Rəsmi - Polis Ağdamda minaya düşüb

İyunun 30-da Ağdam rayon Polis Şöbəsinin əməkdaşının bu rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət aldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
"Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib. Faktla bağlı araşdırma aparılır", - məlumatda vurğulanır.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70 civarında vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Rusiyanın vasitəçiliyi ilə həmin il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində isə Bakı bütün ölkə ərazisində suverenliyi bərpa etdiyini açıqladı. Rəsmi Bakı bunu "antiterror tədbiri", Yerevan isə "etnik təmizləmə" adlandırdı. Ondan sonra bölgədən erməni əhali Ermənistana köç etdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Avropa Parlamentinin üzvləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyirlər

Avropa Parlamentində Azərbaycanda jurnalistlərə, fəallara qarşı siyasi motivli məhkəmələr çərçivəsində çıxarılan qərarları pisləyən birgə bəyanat qəbul olunub. Parlamentin İnsan Hüquqları Alt komitəsinin sədri, deputat Munir Saturi, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, deputat Nils Uşakovs və Azərbaycan üzrə daimi məruzəçi, deputat Dan Barna Azərbaycanda siyasi motivli işlər üzrə jurnalistlərə, tədqiqatçılara və vətəndaş cəmiyyəti fəallarına qarşı sərt həbs cəzalarının verilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
"Son günlər Azərbaycanda siyasi motivli işlərdə jurnalistlərə, tədqiqatçılara və fəallara verilən son dərəcə ağır həbs cəzaları bizi dəhşətə gətirir. Onların heç biri - eləcə də ölkədəki digər siyasi məhbuslar, - ümumiyyətlə, təqib olunmamalı idi. Lakin bu qeyri-adi dərəcədə ağır cəzalar hakimiyyət tənqidçilərinə qarşı Azərbaycanda davam edən repressiyanın daha da gücləndiyini göstərir", - bəyanatda deyilir.
Avropalı parlamentarilər "AbzasMedia"nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, fəal Məhəmməd Kekalov, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, talış tarixçi və etnoqraf İqbal Əbilov, müxalif fəal Tofiq Yaqublu, siyasi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə hökmlərini xatırladıblar.
Birgə bəyanatda Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə dair çağırış edilir: "Biz (Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə) ali nümayəndəni, (Avropa Komissiyasının) vitse-prezidenti və Avropa Xarici Fəaliyyət Xidmətini mövcud yolda rejimi cəsarətləndirəcək hər hansı addımdan qaçınmağa çağırırıq. Xatırladırıq ki, Parlament dəfələrlə Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişi üçün bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşdırılması şərtlərinin qoyulmasını tələb edib".
'Azərbaycanfilm' kinostudiyasında yanğın olub
İyunun 26-da Bakıda "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) vurğulayır ki, onlara Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub: "Yanğın qısa müddətdə söndürülüb".
İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur.
Hələlik, hadisənin səbəbi açıqlanmır.
"Pirotexniki maddələr yığılan tikilidə partlayış..."
Yanğının kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yarandığı bildirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 27-də məlumat yayıb.
Məlumatda əlavə edilib ki, partlayış nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb: "Taxta qutularda yığılan digər pirotexniki vasitələr, üç ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Hələlik, məsələyə "Azərbaycanfilm"in rəhbərliyindən münasibət bildirilməyib.
+++
Baş Prokurorluq bildirib ki, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb: "Kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib... Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır".
Maddələr bilindi
Baş Prokurorluq daha sonra, iyunun 30-da bildirib ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi... digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
Hələlik, buna "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Həmin maddələr üzrə şəxslərə 5 ilə qədər həbs cəzası verilə bilər.
+++
"Azərbaycanfilm" kinostudiyasında bundan öncə də bir neçə dəfə yanğın olub. Sonuncu yanğın 2022-ci ilin mayın 20-də baş vermişdi. Onda hadisə zamanı 15-16 kvadratmetr ərazinin yandığı bildirilmişdi.
Son dönəmlər bu qurumun bir çox studiyalarının bağlandığı deyilir. Bu vəziyyət isə bu sahəyə hökumətin yetərli diqqət ayırmaması ilə izah edilir. Hərçənd rəsmilər çıxışlarında, bir qayda olaraq, Azərbaycanda dövlətin kinoya böyük qayğısından bəhs edirlər.
AXCP: Gənc üzvümüzə 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin fəallarından Aqşin Abdullayevin (Oğuz) Binəqədi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Bu barədə AXCP-dən məlumat veriblər. Partiya onun tənqidlərinə görə şərləndiyini hesab etsə də, detallar açıqlanmayıb.
Dünən, iyunun 24-də A.Abdullayev Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə çağırılmışdı. Onun çağırış üzrə bölməyə getdiyi, amma sonra Xalq Cəbhəsi üzvündən məlumat almağın mümkün olmadığı bildirilmişdi.
AXCP-nin bu açıqlamasını, hələlik, Daxili İşlər Nazirliyi, Binəqədi rayon Məhkəməsi və başqa aidiyyəti rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var.