Bu il yanvarın 18-də İmişli rayonunda məktəblilərin öldüyü yol qəzası ilə bağlı baş verən etirazlardan sonra həbs olunanlara hökm oxunub.
Yerli saytların məlumatına görə, İmişli rayon Məhkəməsində 19 şəxsə xuliqanlıq ittihamı ilə müxtəlif cəzalar kəsilib.
İş üzrə təqsirli bilinən səkkiz şəxsə 1 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası verildiyi bildirilib. Habelə 11 şəxsə də 1 ildən 4 ilə qədər azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi açıqlanıb.
Verilən məlumata görə, onlardan 1 il həbs alan Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.
Açıqlanan hökmlərə maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.
Xatırlatma
Bu il yanvarın 18-də İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobili başqa bir nəqliyyat vasitəsi ilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanmışdı. Sonradan xəstəxanada yaralılardan birinin də vəfat etdiyi açıqlanıb. Bundan sonra rayonda etiraz aksiyası keçirilmişdi. Daxili İşlər Nazirliyindən (DİN) bildirilmişdi ki, İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs saxlanıb.
Qəza zamanı DYP avtomobilinin toqquşduğu nəqliyyat vasitəsinin 17 yaşlı sürücüsünün də saxlandığı açıqlanıb. Onun qohumuna məxsus "Mercedes Benz 190" markalı avtomobili qaçırdığı bildirilir.
DYP əməkdaşının məsuliyyətə cəlb edilib-edilmədiyi haqqında isə hər hansı rəsmi məlumat verilməyib.