Keçən ay İsraillə baş vermiş müharibə İranın hərbi rəhbərliyini məhv edib, hava hücumundan müdafiə sistemlərini iflic vəziyyətə salıb və onun hava qüvvələrinin zəifliyini üzə çıxarıb. Cəmi bir neçə gün ərzində İsrail ölkə üzərində hava üstünlüyünü ələ keçirib və bu da ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirməsi üçün zəmin yaradıb.
Lakin bu müharibə İranın Rusiya ilə müttəfiqliyini də sınağa çəkib. 12 günlük münaqişə ərzində Moskva Tehrana diplomatik dəstəkdən başqa, demək olar ki, heç nə təklif etməyib.
Moskvaya olan etibarının azaldığı bir vaxtda İran müdafiəsini təcili şəkildə bərpa etməyə çalışır və Rusiyanın təmin edə bilmədiyi qabaqcıl hərbi texnikanı əldə etmək üçün indi Çinə üz tutub. Lakin Tehran Pekinə yönəldikcə, yeni maneələrlə və skeptisizmlə üzləşir. Bu isə Tehranın həm seçimlərinin məhdudluğunu, həm də strateji təcridinin dərinliyini üzə çıxarır.
Rusiya: Yalnız adda strateji tərəfdaş
Yaxınlarda imzalanmış strateji tərəfdaşlıq sazişi və illərdir davam edən sıx əməkdaşlığa baxmayaraq, Rusiyanın bu böhran zamanı İrana dəstəyi, əsasən, ritorik olub. İranın reformist "Şərq" qəzeti qeyd edir ki, "bu ittifaq kritik məqamlarda sarsılmaz öhdəliklərə deyil, daha çox dəyişən maraqlara əsaslanır".
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin zərbələrini "əsassız" adlandıraraq dialoq təklif etsə də, o, hərbi yardıma dair heç bir öhdəlik götürməyib. Kreml isə dəfələrlə bəyan edib ki, tərəfdaşlıq müqaviləsində müharibə zamanı hərbi yardım üçün heç bir müddəa yoxdur.
İran parlamentinin keçmiş vitse-spikeri Əli Mötəhəri X-də yazdığı yazıda məyusluq hissini ifadə edib. O deyib ki, Tehran Ukraynadakı müharibə üçün Moskvanı dronlar ilə təmin etsə də, Rusiya İrana S-400 raketdən müdafiə sistemi satmaqdan imtina edib, halbuki Türkiyə və Səudiyyə Ərəbistanına bu sistemlərdən verib.
Keçmiş deputat iddia edib ki, Rusiyanın istəksizliyi İranın İsrailin təcavüzünə qarşı S-400-dən istifadə edə biləcəyinə dair narahatlıqla bağlıdır və bu, Putinin sözdə irəli sürdüyü strateji tərəfdaşlığın səthi mahiyyətini ortaya qoyur.
İranın Rusiyadan qabaqcıl hərbi texnika, o cümlədən Su-35 qırıcıları və "Mi-28" hücum helikopterləri almaq cəhdləri də alınmayıb.
"Şərq"in yazdığına görə, "bəzi təlim təyyarələri istisna olmaqla, vəd edilən avadanlıqların heç biri çatdırılmayıb". Buna əsas səbəb kimi Rusiyada istehsal problemləri və Fars körfəzi ölkələri, İsrail və ABŞ-nin diplomatik təzyiqləri göstərilir.
Bu cür öhdəlikdən yayınma tendensiyası, ehtimal ki, İran rəsmilərini və analitiklərini Rusiyanın bir müttəfiq kimi etibarlığını sual altına almağa səbəb olub.
Rusiya prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Ərağçi Moskvada Kremldə görüş zamanı əl sıxırlar. 23 iyun 2025
Çinin istəksizliyi və realpolitik
Həm İran, həm də Qərb mediasında yer alan təsdiqlənməmiş xəbərlərə görə, İran qabaqcıl hərbi texnika, xüsusən də "Chengdu J-10C" çoxməqsədli döyüş təyyarəsi əldə etmək ümidi ilə Çinə yönəlib.
İranın hava qüvvələri ciddi şəkildə köhnəlib və müasir düşmənlərlə mübarizə aparmaq üçün zəif təchiz olunub. Onun hava donanması, əsasən, 1979-cu il inqilabından əvvəl əldə edilmiş köhnə, ABŞ və Sovet dövründən qalma təyyarələrdən ibarətdir, onların əksəriyyəti digər təyyarələrdən götürülmüş ehtiyat hissələri və yerli improvizasiya vasitəsilə istismarda saxlanılır.
"J-10C" 4.5 nəsil, təkmühərrikli qırıcıdır və qabaqcıl avionika, AESA radar sistemi ilə təchiz olunub, həmçinin PL-15 uzaqmənzilli raketlərini daşımaq qabiliyyətinə malikdir. O, İsrailin qabaqcıl "F-35I" hava donanmasına bərabər olmasa da, etibarlı bir rəqib hesab edilir.
Ekseter Universitetinin müəllimi və "TOChina Hub"un "ChinaMed" layihəsinin tədqiqat rəhbəri Andrea Qizelli bildirib ki, Çinin İrana silah tədarük etməklə bağlı tərəddüdü aşkardır.
"Pekin texnoloji və iqtisadi baxımdan özünü təmin etmək qabiliyyətini daha da gücləndirmək məqsədilə vaxt qazanmaq üçün Vaşinqtonla münasibətlərini sabitləşdirməyə çalışır", - Qizelli AzadlıqRadiosuna deyib. "Bu, İran Hərbi Hava Qüvvələrinin yenidən qurulmasından daha vacibdir".
Ekspertlər həmçinin razılaşırlar ki, Çinin İranın regional rəqibləri ilə münasibətləri İranın hərbi gücünü artırmaq istəməməsində rol oynayır.
"Çin Yaxın Şərqdə iqtisadi və ya geoiqtisadi aktor kimi fəaliyyət göstərir", - Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi bildirib. O, AzadlıqRadiosuna deyib ki, Çin İranın sünni ərəb qonşuları - Körfəz Əməkdaşlıq Şurasına üzv olan Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinə böyük önəm verir. Bu ölkələr kritik enerji təchizatçıları və ticarət tərəfdaşlarıdır, lakin Tehrana qarşı ehtiyatlı münasibət saxlayırlar.
Analitiklər hesab edir ki, Çinin İranı dəstəkləmək üçün ən təsirli yolu neft alışlarının davam etdirilməsidir ki, bu da sanksiyalar altında olan Tehrana əhəmiyyətli gəlir gətirir.
Qizellinin sözlərinə görə, Pekin üçün enerjiyə çıxışı saxlamaq və regional sabitliyin pozulmasının qarşısını almaq İrana qabaqcıl silah satmaqdan əldə edəcəyi potensial faydalardan üstündür.
J-10C
İranın strateji təcridi
Ötən həftələrdə baş verən hadisələr İranın strateji təcridinin dərinliyini üzə çıxarıb.
Həm Moskva, həm də Pekin öz maraqlarını və İranın düşmənləri ilə münasibətlərini hər hansı rəsmi müttəfiqlik öhdəliklərindən üstün tutur.
İranın "Şərq" qəzeti yekunu olaraq qeyd edir ki, Rusiyanın siyasi bəyanatlardan o tərəfə keçməyən mövqeyi onun müttəfiq kimi etibarlığına ciddi zərbə vurub, Çin isə realpolitik prinsipləri ilə İran üçün istənilən əhəmiyyətli hərbi dəstəyi əlçatmaz edir.
Cenevrə Beynəlxalq Münasibətlər və İnkişaf İnstitutunun aparıcı tədqiqatçısı Fərzan Sabet AzadlıqRadiosuna bildirib ki, Tehranın xarici hərbi tərəfdaşlar baxımından "heç bir yaxşı variantı yoxdur".
Tehran Çindən qırıcı təyyarələr almağa müvəffəq olsa belə, gələcək münaqişələrdə, ən azı öz hava məkanında hava üstünlüyünü qorumaq üçün ödəyə biləcəyindən qat-qat daha çox təyyarəyə ehtiyacı olacaq.
"Bunlar isə çox, çox bahadır. İranın sanksiyalar altında olduğu bir vaxtda bunun üçün pulu kimin ödəyəcəyi heç kimə aydın deyil", - Sabet əlavə edib.
Yazı AzadlıqRadiosunun əməkdaşları Kian Şərifi və Əbubakar Siddiki tərəfindən hazırlanıb.