Parlament və deputatların fəaliyyətini araşdıran saytla bağlı məhkəmədə: 'Vergi İdarəsinin nümayəndəsi gəlsin...'

İmran Əliyev

Parlamentin və deputatların fəaliyyətini araşdıran Meclis.info saytının rəhbəri, 1 il 3 aya yaxındır həbsdə olan İmran Əliyevə iyulun 1-də məhkəmədə ifadə vermək təklif olunsa da, o bundan imtina edib. Dediyinə görə, yalnız şahidlər dindiriləndən sonra ifadə verəcək.

İ.Əliyevlə birlikdə mühakimə olunan ictimai fəal Elgiz Qəhrəman Tamilla Musayevanın da ifadə vermək təklifinə cavabı eyni olub.

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən məhkəmə iclasında məlum olmuşdu ki, Vergilər İdarəsi təqsirləndirilən şəxslərə qarşı 61 min 600 manatlıq mülki iddia qaldırıb. Onların vergidən yayındığı iddia edilir və bu məbləğin ödənilməsi tələb olunur.

İ.Əliyevin vəkil Rəsul Cəfərov Gəncə Regional Vergi İdarəsi əməkdaşının özünün məhkəməyə qatılmasını və mülki iddiasını əsaslandırmasını tələb edib. Həmin əməkdaş məbləğin nəyə əsasən hesablandığını, konkret kimdən, niyə istədiyini açıqlamalıdır: "Nümayəndə özü gəlib məhkəmədə iştirak etsin. Sənədi məhkəməyə göndərməklə iş bitmir".

"Bunu biləndə mənə şəkillər göndərdilər..."

Meclis.info ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi başlanıb. Dindirilən Elçin Hüseynzadə bildirib ki, barmen işləyir. Təqsirləndirilən şəxslərdən həm İ.Əliyevi, həm də E.Qəhrəmanı müştəri kimi tanıyır. Şahidin sözlərinə görə, boş vaxtlarında "motion dizayn" (qrafik dizayn elementlərinin animasiya və hərəkət vasitəsilə canlandırılması-red.) işiylə məşğul olur: "Bunu biləndə mənə şəkillər göndərdilər ki, onları işləyim. Heç bilmirdim hara üçündür, nə üçündür. Videolara loqo qoyulanda bildim Meclis.info üçün olduğunu. Pul məsələsi danışmamışıq. Demişdilər ki, qonaqlıq verəcəklər mənə buna görə".

Şahid İ.Əliyevgillə birlikdə Gürcüstana getməsi məsələsinə də aydınlıq gətirib. Prokurorun bu haqda sualını cavablayan E.Hüseynzadə bunu tam təsadüf adlandırıb: "Eşitdim ki, Gürcüstana gedirlər. Mən də çoxdandır getmək istəyirdim. Biletimi öz pulumla almışam. Orada da ayrı-ayrı yerlərdə qalmışıq. Sadəcə, birlikdə yeyib-içmişik".

"Meclis.info işi" üzrə məhkəmə araşdırmaları iyulun 15-də davam edəcək.

İ.Əliyev Xətai rayon Məhkəməsindən aparılarkən.

Xatırlatma

İmran Əliyev ötən il aprelin 19-dan həbsdədir. Ona ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham açıqlanıb. İstintaqın sonunda ona cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. yeni ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İstintaqın sonunda ictimai fəal Elgiz Qəhrəman Tamilla Musayeva da onunla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıblar. Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Adları çəkilən üç nəfərin heç biri özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Meclis.info platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ bilgiləri diqqətə yetirirdi.

Daha bir xatırlatma

Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.