ABŞ Konqresi vergi və dövlət xərcləri haqqında qanun layihəsini təsdiqləyib

Nümayəndələr Palatası, 3 iyul, 2025-ci il

ABŞ Konqresi prezident Donald Trampın irəli sürdüyü vergi və dövlət xərcləri haqqında qanun layihəsini təsdiqləyib.

Nümayəndələr Palatası bu qanunu iyulun 3-də cüzi səs fərqi ilə - 218–214 səs nisbəti ilə qəbul edib.

Qanun layihəsi müdafiə xərclərinin artırılmasını, miqrantların kütləvi deportasiyalarının maliyyələşdirilməsini və 4.5 trilyon dollar məbləğində vergi güzəştlərinin uzadılmasını, həmçinin federal ərzaq yardımı və aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət tibbi sığorta proqramı olan "Medicaid" də daxil olmaqla, sosial proqramların ciddi şəkildə ixtisarını nəzərdə tutur. Bəzi hesablamalara görə, bununla təxminən 12 milyon amerikalı sığortasız qala bilər.

Demokratların etirazlarına və mötədil respublikaçılar arasında yaranmış tərəddüdə baxmayaraq, Nümayəndələr Palatasının spikeri Mayk Conson konqresmenlərlə apardığı danışıqlar və Trampın şəxsi müdaxiləsi sayəsində qanunun qəbuluna nail olub.

Xərclərin maliyyələşdirilməsi qismən də təmiz enerji və elektrik avtomobilləri üzrə subsidiyaların ləğvi hesabına təmin edilir. Bu, prezidentin əvvəlki müttəfiqi olan milyarder işadamı İlon Maskla Donald Tramp arasında açıq qarşıdurmaya səbəb olub. Mask subsidiyaların ləğvini "gələcəyə vurulan zərbə" adlandırıb və sosial media hesabında Ağ evi kəskin tənqid edib. O, sözügedən qanunun qəbulunun ABŞ-də dövlət borcunun kəskin artımına səbəb olacağını bildirib.

Prezident Tramp isə qanunu "tarixin ən əhəmiyyətli qanunlarından biri" elan edib. O, iyulun 4-ü Müstəqillik Günündə qanunu imzalamağı planlaşdırır.