Bu il Səfərbərlik Xidmətində 62 nəfərin işi Baş Prokurorluğa göndərilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Bu ilin ilk yarısında Səfərbərlik Xidmətində 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Bu məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) iyulun 3-də yaydığı korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik açıqlamasında yer alır.

Bildirilir ki, aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb: "O cümlədən cari ildə doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib".

Xatırlatma

Əslində 2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib. Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" iki il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı.

Bəzi ekspertlərə görə isə, ayrı-ayrı sahələrdə korrupsiya ilə bağlı ciddi dəyişiklik üçün mübarizə bütün ölkədə və sistematik aparılmalıdır.